Bu dəfə qadınlar təşkilatlanıb
Danimarkanın Koge şəhərində Azərbaycan-Türk Qadınlar Birliyinin təsis konfransı keçirilib. Bu barədə “Mərkəz”ə sözügedən birlikdən məlumat verilib.
Məlumata görə, qurumun yaradılmasının əsas məqsədi Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı ilə bağlıdır. Birliyin yaydığı məlumatda qeyd olunur ki, bəzi qüvvələr bu vəziyyətdən istifadə edərək, Türkiyə-Azərbaycan qardaşlığına zərbə vurmağa çalışırlar: “Bəzi qüvvələrin Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinə ziyan vurmağa çalışmasına biz azərbaycanlı və türk qadınları etiraz edirik. Hər birimiz “bir millət, iki dövlət” prinsipinə sadiq olaraq, Azərbaycanın apardığı siyasəti dəstəkləyərək, dünyada Azərbaycan və türk diasporunun birlikdə fəaliyyət göstərməsini istəyirik. Belə bir qurumun yaranması bu məsələdə biz qadınların da aktiv fəaliyyət göstərməsi zərurətindən irəli gəldi. Hesab edirik ki, türk və Azərbaycan diasporu birgə fəaliyyət göstərərək, həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalıdır”.
Qeyd edək ki, birliyin təsis konfransında 38 qadın iştirak edib. Bunlardan 15-i azərbaycanlı, 17-i türk, 6 nəfərisə danimarkalı olub. Konfransda Azərbaycan Türk Qadınlar Birliyinin sədri Anaxanım Hüseynova, sədr müavini Nimet Temeltash və 5 nəfərdən ibarət idarə heyəti seçilib.
Təsis konfransında birliyin sədri A.Hüseynova çıxış edərək, yeni qurumun yüksək şəkildə fəaliyyət göstərərək, Azərbaycan və türk diaspor təşkilatları arasında öz layiqli yerini tutacağına inandığını bildirib: “İlk növbədə biz qadınlar Azərbaycan-türk qardaşlığı və dostluğuna yeni bir təkan verib, bütün dünyaya sübut etməliyik ki, bizim qardaşlığımız və dostluğumuz əbədidir”.