Baş səhifə / Müsahibə / “Hazırda Karbamid zavodunda sınaq-test işləri aparılır”- zavodun direktor müavini
“Hazırda Karbamid zavodunda sınaq-test işləri aparılır”- zavodun direktor müavini

“Hazırda Karbamid zavodunda sınaq-test işləri aparılır”- zavodun direktor müavini

SOCAR Karbamid zavodunun direktor müavini Bəxtiyar Məmmədov “Bizim Yol”a müsahibə verib.

Müsahibəni təqdim edirik:

-SOCAR Azərbaycanda emal və kimya sənayesi sahəsində ölkə üçün xüsusi əhəmiyyət kəsb edən bir sıra böyük layihələri həyata keçirir. SOCAR-ın bu istiqamətdə görülən işlərin əsasında duran biznes inkişafının məntiqi nədən ibarətdir?

-Bu gün SOCAR dünyada nəinki neft-qazın hasilatını, həm də nəqlini, emalını və neft-kimya məhsullarının satışını həyata keçirən bir şirkət kimi tanınır. 2008-2010-cu illərdən bəri əməliyyatlarımızın şaxələndirilməsi məqsədi ilə şirkətimiz neft-kimya sənayesinə məqsədyönlü sərmayələr qoymaqdadır. 2008-ci il iqtisadi böhranından sonra dünya birjalarında xam neftin qiyməti dalğalanmaya məruz qalarkən biz də bu təcrübədən nəticə çıxararaq, gəlir mənbələrimizi şaxələndirmək zərurətini nəzərə aldıq. Ölkə Prezidenti möhtərəm İlham Əliyev cənablarının bizə göstərdiyi strateji inkişaf xəttini əsas tutaraq, ölkə daxilində və xaricdə neft-kimya layihələrinə sərmayələr qoymağa başladıq. Sonrakı illərdə neft hasilatı dünyada yenidən daha rentabelli sahə sayılsa da, son illərdə xam neftin qiymətinin dalğalanmalara məruz qalması SOCAR-ın, neft-kimya sənayesinə üz tutaraq, seçdiyi kursun düzgünlüyünü göstərdi. Belə ki, xam neftin qiyməti kəskin endiyi halda, neft-kimya məhsullarının qiyməti nisbətən daha stabilliyə meyllidir. Elə bunun hesabınadır ki, SOCAR son illərdə neft-kimya məhsulları istehsalında daha yüksək gəlirlər əldə edib. Beləliklə hazırda yekunlaşmaqda olan layihələrimiz də ölkə iqtisadiyyatının dayanıqlı inkişafına xüsusi dəyər qatacaq, milli sərvətimizin dəyərini artıracaq.

-Karbamid zavodunda il ərzində nə qədər məhsul istehsal ediləcək və zavodun illik gəlirinin nə qədər olacağı proqnozlaşdırılır?

-Karbamid zavodunda illik 650-660 min ton karbamid istehsal edilməsi nəzərdə tutulur. Bu məhsul daxili tələbatı tam ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaq. Beləliklə, Azərbaycan bu günə qədər kənd təsərrüfatının tələbatını təmin etmək üçün karbamidi idxal edirdisə, zavod fəaliyyətə başladıqdan sonra, ölkəmiz həmin məhsulun ixracatçısına çevriləcək. Tam istehsal gücü ilə (gündəlik 2000 ton istehsal) işləməyə başlayandan sonra zavodda karbamid məhsulunun satışından illik təxminən 120-130 milyon ABŞ dolları həcmində ümumi gəlir əldə edilməsi proqnozlaşdırılır.

-Zavodun tikintisi işləri hansı şirkət tərəfindən aparılır? Tikintinin maliyyələşdirilməsi necə həyata keçirilib?

-Zavodun tikintisi beynəlxalq açıq tender əsasında seçilib. Tenderdə bir sıra nüfuzlu beynəlxalq şirkətlər iştirak etmiş, qiymətləndirmə nəticəsində Samsung Engineering Co, Ltd. şirkəti tenderin qalibi elan edilib, 2013-cü ilin martında Samsung Engineering Co, Ltd. şirkəti ilə Mühəndislik, Satınalma və Tikinti Müqaviləsi (MST Müqaviləsi) imzalanıb. Zavodun ammonyak və karbamid istehsalı üzrə lisenziarları Danimarkanın Haldor Topsoe və Niderlandın Stamicarbon B.V şirkətləridir. Bundan başqa, MST Müqaviləsinin iş həcminə daxil olmayan infrastruktur işləri SOCAR-ın Neftqaztikinti Tresti tərəfindən yerinə yetirilib. Zavodun inşası ilkin mərhələdə dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilib, sonradan isə tərəfdaş şirkətin iştirakı ilə bir sıra beynəlxalq kommersiya bankları, layihənin perspektivliyini nəzərə alaraq, zavodun tikintisinə vəsait ayırıblar. Bundan başqa, layihənin icrası ilə əlaqədar müvafiq vergi və rüsumların ödənilməsi, habelə bir sıra infrastruktur işlərinin maliyyələşdirilməsi SOCAR-ın daxili vəsaitləri hesabına həyata keçirilib.

-Zavod neçə xətdən (bölmədən) ibarət olacaq? Zavodun məhsulundan harda istifadə olunacaq?

-Zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası bölmələrindən ibarət olacaq. Ammonyak bölməsində ammonyak məhsulu istehsal olunacaq və bu, aralıq məhsul kimi bütövlükdə karbamid istehsalına yönləndiriləcək. Zavodun karbamid istehsalı bölməsində maye karbamid istehsal olunaraq karbamidin qranulyasiyası bölməsində dənəvərləşdirildikdən sonra əmtəəlik karbamid məhsulu əldə ediləcək. Zavod ölkəmizdə həyata keçirilən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı çərçivəsində inşa olunur və kənd təsərrüfatının inkişafı üçün zəruri əhəmiyyətə malik azot gübrəsi (karbamid) istehsal edəcək. Respublikamızın aqrar sektorunun təlabatından artıq qalan həcmlər isə dünya bazarlarına ixrac olunacaq və bu da Azərbaycanın emal sənayesi üzrə ixrac potensialını daha da gücləndirəcək.

-Ümumilikdə layihə üzrə işlərin təxminən neçə faizi tamamlanıb?

-Hazırda Mühəndislik, Satınalma və Tikinti müqaviləsi çərçivəsində, ümumilikdə layihənin təxminən 98.9 faizi icra edilib. Əsaslı layihələndirmə və satınalma işləri 100 faizi tamamlanıb. Tikinti işləri demək olar ki, başa çatdırılıb, hazırda zavodun ayrı-ayrı bölmələrində sınaq-test işləri aparılmaqdadır.

Ramid İbrahimov / Bizim Yol

Bunu da oxu:

Bu bank tənha anaya “savaş” açdı: “Krediti qaytarmışam, ancaq bank məndən əl çəkmir” (Video)

Bu bank tənha anaya “savaş” açdı: “Krediti qaytarmışam, ancaq bank məndən əl çəkmir” (Video)

Səidə Mirzəyeva: “Krediti qaytarmışam, ancaq Bank of Baku məndən əl çəkmir” Qaradağ rayonu Müşfiqabad qəsəbə …