Baş səhifə / Cəmiyyət / Ehtiyatlı olun: Özəl klinikaların “pulqırma” metodları

Ehtiyatlı olun: Özəl klinikaların “pulqırma” metodları

Hər kəsin yolu mütləq şəkildə hansısa sağlıq ocağından keçir. Yaxını, əzizi xəstələnən insan isə onun həyatını qurtarmaq üçün nəinki pulundan, varından keçməyə, kipriyi ilə od götürməyə də razı olur. Özəl klinikaların gecə -gündüz verilən reklamlarını, xəstəyə daha yaxşı qulluq qaydalarını və təmizliyini nəzərər alaraq bir çoxları bu klinikalara üz tuturlar.

Lakin burda qiymətlərin od tutub yanması hər kəsin bura üz tutmasına imkan vermir. Özəl klinikaların yaxı cəhətləri kimi pis cəhətləri də var. Birincisi onu deyək ki, qəbul çox bahadır. Hər xəstəxana özünə uyğun qiymət tənzimləməsi aparıb və nə yazıq ki, bu bütün özəl xəstəxanalarda demək olar ki, bir- birlərindən qiymət fərqi qəpik quruşla  fərqlənir. İstər dövlət , istər özəl klinikalarda həkimlərinin əksəriyyəti“faiz biznesi” ilə məşğul olurlar.Özəl klinikaların həkimləri hansısa dərman firmaları ilə razılaşaraq, dərmanların satılmasının yarı faizini öz ciblərinə qoyurlar. Bu məsələdə dolayısı olaraq onlarla əlaqəli olduğu üçün bu firma dərmanlarını əksəriyyəti yazırlar ki, ordan da pul gəlsin. Özəl klinikalarda hal- hazırda son vəziyyət ondan ibarətdir ki, həkimlər xəstələrə pul mənbəyi kimi baxırlar.

Konkret olaraq bu günlərdə Avrasiya klinikasında baş vermiş bir insidenti qeyd etmək istəyirəm Çox ağır vəziyyətdə xəstəxanaya gətirilən xəstənin  qəbul edilib, xəstəxanaya yatırılması üçün 3 min manat tələb edilib. Bu xəstəxananın qaydasıdır. Daha sonra  1 həftə xəstənin yanında qalan yaxınının hər gecəsi  üçün də müəyyən məbləğ (150 manat) tələb olunub. Edilən bütün müayinələrə baxmayaraq xəstənin məhz hansı xəstəlikdən əzab çəkdiyini ayırd edə bilməyiblər, onun həyatını itirmək üzrə olduğunu görüncə də “beyin vərəmi” diaqnozu ilə ağciyər xəstəlikləri institutuna ünvanlandırıblar. Ağciyər institutunfa bildirilib ki,  özəl klinika bu xəstənin öləcəyini öncədən bildiyinə görə, adını pis çıxarmaq istəmir və son məqamda xəstəni evə buraxır. Evə deyil, əslində ölümün qucağına. Ən pisi də budur ki, öləcəklərini bildikləri xəstəni belə pulunu almadan evə buraxmırlar.

Bir neçə il öncə özəl klinikalardan birində ölmüş xəstənin bir həftə” reanimasiyada saxlanılır” adıyla sahiblərinə verilməməsi faktı ortaya çıxmışdı. Xəstə yaxını  morqda çalışan bir insan olaraq  təhfil aldıqları qohumunun patoloji əlamətlərinə əsasən onun bir gün deyil, bir həftə öncə öldüyünü müəyyən edib.

Özəl klinikalarda baş verən həkim  səhlənkarlıqları barədə dəfələrlə deyilib, dəfələrlə yazılıb. Elə ötən il  müğənni Faytonçu Nazim öz hüquqlarının pozulmasını bəyan etdi, amma bir nəticə əldə edə bilmədi.  Xəstə ayağı əvəzinə sağlam ayağı kəsilən  xəstə də özəl klinikaların “məhsulu” idi.

Məsələylə bağlı Səhiyyə Nazirliyinin sözçüsü Səfayə Əhmədovaya sorğu ünvanladıq.  S.Əhmədova bildirdi ki,  əgər özəl  xəstəxanlarda xəstəyə qarşı aparılan yalnış müayinə və diaqnozdan, həkim səhlənkarlığından  xəstə yaxınları və ya xəstəxana müdüri şikayət edərsə, Səhiyyə Nazirliyi məsələni araşdırır. Konkret  məsələylə bağlı isə xəstə yaxınlarının  nazirliyə şikayət etməsi  tövsiyə olunur. Belə olan halda  nazirlik tədbir görə bilər.  O ki, qaldı sağalda bilmədikləri xəstənin pulunu zorla alaraq sonra onu ölümə tərk etmək məsələsinə, Səfayə xanımın bildirdiyinə görə, bu məsələ ilə hüquq çərçivəsinə həll olunmalıdır.

Avrasiya klinikasında baş vermiş insidenti araşdırb ayrılıqda diqqətinizə çatdıracağıq. Amma bu gün  Səhiyyə Nazirliyi özəl klinikalara nəzarəti artırmalıdır. Hər hansı sahibkar pulunu verib, qeydiyyatdan keçib işini qurub deyə məsuliyyətdən kənarda qalmaq olmaz. Çünki söhbət məhz insan həyatından, insan sağlamlığından gedir. Nəyə görə, bu gün ölkədə bir xəstəxananın  verdiyi analiz, USM nəticələri digər xəstəxana təərfindən qəbul edilməməlidir. Bu inamsızlıq nədən irəli gəlir?  Səriştəsizlikdən və ya qeyri-peşəkarlıqdan?  Bu qədər bahalı xəstəxanalarda işləyən mütəxəssislər, laboantların peşəkarrlıq səviyyəsi hansı qurum tərəfindən  müəyyənləşdirilir?

Bu sualın bir cavabı var. Reklam bazarı. Həkim və ya xəstəxana özünü reklam etdirir, məsələnin pərdəaraxasından xəbərsiz insanlar da axın edir onun olduğu yerə. Ən yaxşı nəticələr barəsində bar -bar bağırır, hər yerdə danışırlar, pis nəticələr isə ayıb kimi, günah kimi gizlədilir. Söz yoxdur ki, istisnalar da var. Yaxşı həkimlərimiz yox deyil. Amma burda görünən məsələ budur ki, bütün bu məsələlərə Səhiyyə Nazirliyi tərəfindən güclü nəzarət edilməlidir. Ən azından ətək-ətək pul hesabına  verilən analizlərin (çoxusu da gərəksiz yerə) nəticələrinin bir-birlərindən fərlqənməsi ölkə səhiyyəsi haqqında kənardan baxanlarda mənfi rəy yaradır. Bu gün nəyə görə bizim insanlarımız öz səhiyyəmizə güvənməyib Rusiyaya, İrana , Türkiyəyə üz tutmalıdır. Nəyə görə Azərbaycan səhiyyəsinin adı yüksəklərdə çəkilməməlidir? Axı bizim bazamız var.

Tibb və təhsil iki elə sahədir ki, burda yol verilən xətalar bir başa xalqın taleyi ilə oynayır. Biri bu günü, biri gələcəyi ilə. Tibbi biznesə çevirən gündən bilmədiyimiz xəstəliklər qapımızı döyməyə başladı, dünya bakterioloji terrora məruz qaldı, dünya gücləri bir-birlərini ölkələrinin ərazisində virus və epidemiyaların yayılması ilə hədələməyə başladı. Bu da azmış kimi öz həkimlərimiz də canımıza qənim kəsilsələr, daha düşmənə nə gərək var.

İlhamə Rəsulova / Bizim Yol

Bunu da oxu:

Evimizdəki gizli düşmən - Uşaqlarınızı bu qorxunc təhlükədən qoruyun

Evimizdəki gizli düşmən: Uşaqlarınızı bu qorxunc təhlükədən qoruyun! (Video)

Türkiyənin Bursa şəhərində yaşayan 16 yaşlı Əhməd. R dostuyla “Mavi Balina” oyununu oynadıqdan sonra yaxınlıqdakı  …